• Bakıda turizm statistikası seminarı keçirilib

    Tarix: 2013-06-13

    Bakıda turizm statistikası seminarı keçirilib

    Bu gün Bakıda BMT Ümumdünya Turizm Təşkilatının (BMÜTT) dəstəyi ilə “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması proqramı” çərçivəsində III statistika seminarı keçirilib.

    APA-nın məlumatına görə, seminarda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov seminarın məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: “Statistik məlumatların toplanması digər sahələrlə yanaşı, turizm sahəsi üçün də əhəmiyyətli və bir sıra başqa problemlərin həlli üçün vacib sahədir. Planlaşdırma, konsepsiyaların müəyyənləşməsi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyə strategiyanın qurulması da statistika elminin sahəsindədir. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı da ən son və ən qabaqcıl beynəlxalq təcrübə üzərində qurulmalıdır. Bu səbəbdən Ümumdünya Turizm Təşkilatının nümayəndələrindən xahiş etdik ki, onlar özlərinin qabaqcıl təcrübələri ilə bizə kömək etsinlər”.

    N.Səmədov seminar iştirakçısı olan ölkələrin sayının hər il artığını deyib: “2011-ci ilin seminarına müxtəlif ölkələrdən 19, 2012-ci ilin seminarına 22, bu ilki seminarda isə 23 nəfər seminara qatılıb. Bu seminarda Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Özbəkistan və Belarus iştirak edir. Sözsüz ki, bu sonuncu seminar olmayacaq və biz əməkdaşlığımızı davam etdirəcəyik”.

    BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya çıxışında təşkilatın Azərbaycanın bu sahədə müraciətini yüksək qiymətləndirildiyini deyib: “Azərbaycan getdikcə turizmin mərkəzinə çevrilməkdədir. Burada əsas məsələ hökumətin və dövlətin turizm sahəsinə göstərdiyi maraqdır ki, bu da Azərbaycanda yüksək səviyyədədir. Birgə tədbirlərimiz nəticəsində yaranan Şahdağ turizm obyektinin inkişafına da inanır və 2020-ci ilə kimi 5000-dən çox turistin cəlb olunmasını ümid edirik”.

    Tədbirin birinci hissəsinin sonunda seminar iştirakçılarına BMÜTT-nin baş katibi Taleba Rifainin video müraciəti olub.

    Azərbaycan tərəfindən tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti təmsil olunub.

    Mənbə : http://az.apa.az

     

  • Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi loqo müsabiqəsi başa çatıb

    Tarix: 2013-06-13

    Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi loqo müsabiqəsi başa çatıb

    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı üçün elan edilmiş loqo müsabiqəsi başa çatıb. 

    APA-nın məlumatına görə, müsabiqəyə təqdim olunmuş indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan 207 eskiz və layihəyə festivalın təşkilat komitəsi tərəfindən baxılıb. 

    Sonda Haqverdiyev Vüqar Məmməd oğlunun işi seçilərək qalib elan olunub.

    Mənbə : http://az.apa.az

  • Əbülfəs Qarayev: “Elektron vizaların verilməsində çətinliklər olsa da, yaxın vaxtlarda bu proses tam işlək vəziyyətdə olacaq”

    Tarix: 2013-06-13

    Əbülfəs Qarayev: “Elektron vizaların verilməsində çətinliklər olsa da, yaxın vaxtlarda bu proses tam işlək vəziyyətdə olacaq”

    “Azərbaycana gələn turistlər elektron formada viza ala bilirlər. Ola bilər ki, bu haradasa gec, haradasa tez, haradasa çətin olsun, amma fakt və reallıq odur ki, bu proses Azərbaycanda var və daha yaxşı işləməsi üçün səy göstəririk. Tənzimlənmə üçün danışıqlar aparılır, treninqlər keçirilir. Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.

    Nazir Azərbaycanın turizm şirkətlərinin Ümumdünya Turizm Təşkilatına daxil olması üçün də səy göstərdiklərini deyib: “Azərbaycan 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür. Həmin vaxtdan etibarən Azərbaycanın təşkilatda 3 assosiativ üzvü təmsil olunur. Bu qurumlar Azərbaycan Turizm Təşkilatı, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzidir. Son məlumata görə, bu il Belqradda keçirilən konfransda Azərbaycanın daha 17 şirkəti üzvlük üçün müraciət edib və bu təkliflər təşkilat tərəfindən müsbət qarşılanıb. Yay aylarında Zambiyada keçiriləcək Baş Assambleyanın iclasında onların təsdiqlənməsi gözlənilir”.

    Mənbə : http://az.apa.az

  • Əbülfəs Qarayev: “Turizm sahəsində qeyri-peşəkar şəxsləri işə qəbul edən turizm təşkilatlarına və otellərə lisenziya verilməyəcək”

    Tarix: 2013-06-13

    Əbülfəs Qarayev: “Turizm sahəsində qeyri-peşəkar şəxsləri işə qəbul edən turizm təşkilatlarına və otellərə lisenziya verilməyəcək”

    Sözsüz ki, Azərbaycanın turizm sektorunda təcrübəsi o qədər də yüksək deyil. Yaratdığımız konqres bürosu bizə bu sahəni də inkişaf etdirməyə kömək olacaq. Konvensiyaya qəbul edəcəyimiz otel və turizm şirkətlərinə qanunla təkliflər verəcəyik. Qanun layihəsinin əsas prinsipi həmin obyektdə çalışanların hamısı peşəkar turizmçilər olmalıdır. Digər sahələrin qeyri-peşəkarları əgər o müəssisədə çalışacaqsa, biz qanun çərçivəsində həmin otel və qurumlara lisenziya verməyəcəyik”.

    APA-nın məlumatına görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir yaradılan konqresin mahiyyətindən danışıb: “Bu qurum Azərbaycanda yeni çox vacib bir qurum olacaq. Son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin çoxaldığı bir vaxta otel şəbəkəsinin və ümumiyyətlə turizm infrastrukturun inkişafı üçün əlimizdən gələni etməliyik. Bu səpkidə tədbirlərin keçirildiyi vaxtlarda dövlət səviyyəsində narahatlıq keçirirdik ki, qonaqların qarşılanması onların yerləşdirilməsi necə olacaq. Bu cür konsepsiyanın hazırlanması artıq beynəlxalq tədbirlərə ürəklə sahiblik edə biləcəyimizə bizdə əminlik yaradır. Bu konqres sahəsində bütün bu proseslər vahid bir idarə sistemi altında həyata keçiriləcək. İlk dəfə olaraq  Azərbaycanda beynəlxalq səviyyədə otel şəbəkələrinin qurucuları buradadır və bu konqresin yaradılmasında bizə yaxından xidmət göstərəcəklər”. Ə.Qarayev  son il ərzində Azərbaycana gələn turistlərin sayında da artım olduğunu deyib: “Son üç ayın hesablamalarına görə, Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb. Bu Ümumdünya Turizm Təşkilatının hesablamasına görə 4 faizdir ki, bu da ölkəmiz üçün yüksək nəticə hesab olunur” 

    Tədbirdə  BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya, Avropa ölkələrində otel şəbəkələrinin prezidentləri çıxış edib.

    Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanıb.

    Mənbə : http://az.apa.az

     

  • Azərbaycan Konqres Bürosunun təqdimat mərasimi keçiriləcəkdir

    Tarix: 2013-06-11

    Azərbaycan Konqres Bürosunun təqdimat mərasimi keçiriləcəkdir

    İyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçiriləcəkdir. 

    Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan büronun əsas fəaliyyəti ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir. 

    Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanacaqdır. 

    Büroya üzv olmaq arzusunda olan turizm şirkətləri və digər müqabil tərəflər üçün quruma üzv olmaq imkanı yaradılacaqdır. Onların bilavasitə imzalanma mərasiminə qoşulması nəzərdə tutulmuşdur.

    Mənbə : http://www.tourism.az

  • Bu ilin beş ayında Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan ikinci yeri tutur.

    Tarix: 2013-06-11

     Bu ilin beş ayında Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan ikinci yeri tutur.

    Gürcüstan Daxili İşlər Nazirliyinin analitik-informasiya departamentinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkəyə 1.698.146 nəfər turist gəlmişdir. Bu 2012-ci ilin eyni dövründəkindən 31 faiz çoxdur. 

    May ayında isə ölkəyə gələn turistlərin sayında 25,3 faiz artım qeydə alınmışdır. Məlumatda, həmçinin ötən ay ölkəyə gələn azərbaycanlı turistlərin sayının 11,2 faiz artdığı bildirilir. Qeyd olunur ki, Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan Türkiyədən sonra ikinci yeri tutur.

    Mənbə : http://www.tourism.az

  • Gəncədə “Turizmin inkişafı və gənclər-I” forumu keçiriləcəkdir

    Tarix: 2013-06-11

    Gəncədə “Turizmin inkişafı və gənclər-I” forumu keçiriləcəkdir

    İyunun 16-dan 20-dək Gəncədə “Turizmin inkişafi və gənclər-I” forumu keçiriləcəkdir. 

    AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır. 

    Layihə çərçivəsində gənclər turizm sahəsində məlumatlandırılacaq, peşəkar kadrların təcrübəsindən, məsləhətlərindən yararlanaraq təşkil olunan panellərdə iştirak edəcəklər. Bunun da nəticəsində gələcək fəaliyyətlərində turizmlə məşğul olacaq gənclər şəbəkəsi yaradılacaqdır.


    Mənbə : http://www.tourism.az

  • Turizm obyektlərində monitorinqlər davam edir

    Tarix: 2013-06-11

    Turizm obyektlərində monitorinqlər davam edir

    Azərbaycanın turizm obyektlərində monitorinqlər davam edir. Müvafiq sahədə qiymətlərin 10-20 faiz ucuzlaşması müşahidə olunur. 

    Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu nazirliyin, həmçinin İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları tərəfindən aparılan birgə monitorinqin məqsədi yay turizm mövsümünün başlanması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir. 

    Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Xaçmaz, Qusar, Quba, Şabran, Xızı, Sumqayıt, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar da daxil olmaqla, monitorinqlərin ölkəmizin 38 rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. 

    Tərtər, Bərdə, Ağdaş, Göyçay, Zərdab, Kürdəmir, İmişli və Şirvan istiqamətində monitorinqlər artıq yekunlaşmışdır. Hazırda monitorinqlər Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Sumqayıt istiqamətində davam edir. Yerdə qalan rayonlar üzrə isə yoxlamalar mərhələli şəkildə həyata keçiriləcəkdir. Bütün rayonlar üzrə monitorinqlərin iyunun 30-dək yekunlaşdırılması nəzərdə tutulmuşdur. 

    Monitorinqlərin yekunlaşdığı rayonlarda əldə edilən nəticələr isə heç də bütün turizm zonalarının yay mövsümünə hazır olmadığını göstərmişdir. 

    Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, turizm obyektlərinə monitorinqdən əvvəl öz nöqsanlarını aradan qaldırmaq üçün imkan verilir. Onlara aşkarlanan çatışmazlıqları aradan qaldırmaları üçün iyunun 15-dək vaxt verilmişdir.

    Mənbə : http://www.tourism.az

  • Xaçmazda “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışması keçirilir.

    Tarix: 2013-06-11

    Xaçmazda “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışması keçirilir.

    İyunun 7-dən etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışması keçirilir. 

    AzərTAc xəbər verir ki, yarışda müxtəlif idman cəmiyyətlərini, eləcə də Xaçmaz, Qusar, İsmayıllı və Göygöl rayonlarını təmsil edən, ümumilikdə, 50-dən çox ailə komandası mübarizə aparır. Tədbir 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə və birinciliyin Azərbaycanda keçirilməsinin 50 illiyinə həsr olunmuşdur. 

    İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində mübarizə aparırlar. 

    Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, həm də ailənin ən kiçik üzvlərinin də çevikliyi vacibdir. 

    Yarışa iyunun 9-da yekun vurulacaqdır. Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunacaqdır.

    Mənbə : http://www.tourism.az

  • Azərbaycanda siyasi sabitliyin mövcudluğu ölkədə turizmin sürətli inkişafına zəmin yaradır.

    Tarix: 2013-06-06

     Azərbaycanda siyasi sabitliyin mövcudluğu ölkədə turizmin sürətli inkişafına zəmin yaradır.

    Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçi prezidenti, “Turizm tədqiqatları salnaməsi” jurnalının təsisçisi, Turizm Ensiklopediyasının baş redaktoru, Dünya Turizm Təşkilatının “Ulysses” mükafatı laureatı, ABŞ-ın Viskonsin Stout Universitetinin professoru Cəfər Cəfəri Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur. 

    ATİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının yaranması, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində qazanılan uğurlardan danışmış, eləcə də qarşıda duran problemlərə aydınlıq gətirmişdir. 

    ATİ-ni beynəlxalq təşkilatlarda təmsilçilik fəaliyyətinə toxunan C.Cəfərov dünyanın nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini də diqqətə çatdırmışdır. 

    Bakının təmiz, möhtəşəm şəhərlərdən biri olduğunu bildirən C.Cəfəri turizmi inkişaf etdirərkən yerli şəraiti, əhali dinamikasını, adət-ənənələri nəzərə almağın vacibliyindən ətraflı söz açmışdır. 

    Bildirmişdir ki, müxtəlif dünyagörüşlü, eyni zamanda, müxtəlif millətlərdən, dinlərdən olan insanlara mədəni xidmət göstərməyi bacaran yüksək ixtisaslı və keyfiyyətli kadr hazırlanmalıdır. ATİ bu missiyanı qarşısına məqsəd qoyan ali təhsil müəssisəsidir. Tədris prosesində tələbələrə yaxşı turizm işçisi olmaq üçün ilk illərdə təklif olunan hər hansı işdən, vəzifədən imtina etməməyi aşılamaq lazımdır. Ölkəyə müxtəlif məqsədlərlə gələn insanlarla ünsiyyət zamanı davranışlarına diqqət yetirilməlidir. Bu da öz növbəsində ölkəyə turistlərin daha çox cəlb edilməsinə, ən əsası da turizmin inkişafına müsbət təsir göstərə bilər. 

    Qonaq bildirmişdir ki, son vaxtlaradək turizm sənayesində faiz göstəricilərinə görə işçi heyətdə kişilər daha çox üstünlük təşkil edirdisə, artıq qadınların bu sahədəki geniş fəaliyyəti dünyanın hər yerində müsbət qarşılanmaqdadır. ATİ-də xarici ölkə universitetlərindən tanınmış alim-tədqiqatçı və təlimçilərin tədris prosesinə cəlb edilməsi təcrübəsi təqdirəlayiqdir. 

    Çoxillik təcrübəsinə əsaslanan qonaq turizm sənayesini inkişaf etdirmək üçün ilk növbədə region dövlətləri ilə əlaqələri möhkəmləndirməyin vacibliyini vurğulamışdır. Ölkədə sabitliyin mövcudluğu və qorunması turizm imkanlarını daha da genişləndirir. Hər hansı ölkə turizmin inkişaf modelini gerçəkləşdirmək üçün ilk növbədə dörd il əvvəl onun ali təhsil bazasını yaradır. ATİ də 7 il əvvəl tələbə qəbuluna başlamışdır. Deməli, ATİ turizm sənayesinin yüksək ixtisaslı kadrlara ehtiyacını ödəmək məsuliyyətini daşıyan başlıca ali təhsil ocağıdır.

    Mənbə: http://www.tourism.az