Azərbaycan Konqres Bürosunun təqdimatı olmuşdur.





Azərbaycan Konqres Bürosunun təqdimatı olmuşdur.

İyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimatı keçirilmişdir. 

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Konqres Bürosunun yaradılması istiqamətində bir il müddətində müzakirələrin aparıldığını demişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan mütəmadi olaraq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir, ölkəyə gələn xarici qonaqların sayı getdikcə artır. Bu isə həm dövlətin, həm də turizm sənayesinin üzərinə böyük məsuliyyət qoyur. Hər qonağa yüksək xidmət göstərilməlidir və bu istiqamətdə görülən işlər ildən-ilə təkmilləşdirilir. Dünya təcrübəsi göstərir ki, beynəlxalq aləmdə bu tədbirlərin keçirilməsində maraqlı olan qurumlar peşəkar olaraq bir assosiasiya şəklində fəaliyyət göstərirlər. Bu assosiasiya MİCE (işgüzar) adlanır. 

Nazir demişdir ki, Azərbaycanda turizm sənayesi və infrastrukturu yüksək səviyyədədir. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan büronun əsas fəaliyyət istiqamətləri respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir. Azərbaycan Konqres Bürosu dövlətin və özəl sektorun vahid siyasət yürütməsinə imkan verəcəkdir. 

Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru İzabel Qaraniya Azərbaycanda turizm sahəsinə hökumət səviyyəsində xüsusi diqqət yetirildiyini, bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini təqdirəlayiq hesab etmişdir. Dünyada turizmin inkişafı, bu sahədən əldə olunan gəlirlər barədə faktları diqqətə çatdıran İzabel Qaraniya Azərbaycan Konqres Bürosunun müvafiq sahənin inkişafına müsbət təsir edəcəyini bildirmiş, yeni quruma fəaliyyətində uğurlar arzulamışdır. 

Ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanaların adından çıxış edən “Fairmont Baku” otelinin baş meneceri Adrian Ellis Azərbaycan Konqres Bürosunun fəaliyyətinin ölkəmizin turizm sənayesinin təbliğində əhəmiyyətli rol oynayacağını demişdir. 

Sonra “European Development & Solutions” (EUDS) şirkətindən Florian Senqşmit və İnqa Tremmel Azərbaycan Konqres Bürosu ilə bağlı təqdimat etmişlər. 

Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında Büronun yaradılması barədə niyyət protokolu imzalanmışdır. 

Mənbə: http://www.tourism.az

 



0 Şərhlər



Şərh yaz