Azərbaycanda kitabxanalar istirahət mərkəzlərinə çevriləcək





Azərbaycanda kitabxanalar istirahət mərkəzlərinə çevriləcək

Azərbaycanda kitabxanalar tam yeni formada qurularaq vahid kitabxana-informasiya-istirahət mərkəzləri kimi fəaliyyət göstərəcək.

Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, ölkədəki kitabxanaların, xüsisilə kəndlərdəki kitabxanaların görkəmi və vəziyyəti o qədər də yaxşı deyil. Onların böyük əksəriyyəti bugünkü tələblərə cavab vermir.

Nazir müavini qeyd edib ki, hazırda vahid kitabxana-informasiya-istirahət mərkəzlərinin yaradılması ilə bağlı xüsusi layihə həyata keçirilir. Bu mərkəzlər özlərində həm kitabxananın funksiyalarını çəmləşdirəcək, həm də kitabların satışını həyata keçirəcək. Eyni zamanda, burada elektron kitabxanalar yaradılacaq. Yeni mərkəzlərdə internet şəbəkəsi, WI-FI sistemləri olacaq, rabitə əlaqələri təkmilləşdiriləcək:

"Bu mərkəzlər kənd şəraitində insanların bir istirahət yerləri olacaq. Onlar burada həm kitab oxuya bilər, həm dünyada baş verən proseslərdən xəbər tuta bilərlər. Bu mərkəzlərdə kicik yaşlı uşaqlardan tutmuş yaşlı insanlara qədər hər bir kəs öz marağını təmin edə bilər".

V.Əliyev bildirib ki, hazırda həm aran, həm də dağ rayonları üçün bununla bağlı xüsusi layihələr hazırlanır. Layihələrin yaxın 2-3 ay ərzində hazır olacağı gözlənilir. 2014-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyi artıq öz daxili maliyyə imkanları hesabına hər rayonun bir kəndində 1 pilot mərkəz olmaqla, təxminən 10 rayonda yeni kitabxana-istirahət mərkəzi yaratmağı planlaşdırır. Bu pilot mərkəzlərin işi bəyənilərsə, 2020-ci ilədək bütün ölkə üzrə müasir tələblərə uyğun kitabxana-informasiya-istirahət mərkəzləri yaradıla bilər:

"Bu mərkəzlər bütün ölkə üzrə yaradılacaq, hər bir rayonu, hər bir kəndi əhatə edəcək. Biz nəzərdə tuturuq ki, hər bir kənddə belə bir istirahət mərkəzləri olsun".

Mənbə: http://az.trend.az



0 Şərhlər



Şərh yaz