“Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat Yaponiyanın iş adamları tərəfindən maraqla qarşılanmışdır





“Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat Yaponiyanın iş adamları tərəfindən maraqla qarşılanmışdır

Tokioda Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və Yaponiya Səyahət Agentliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat keçirilmişdir. 

Təqdimatda Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məsul işçiləri, 30-dək şirkətin nümayəndələri və mütəxəssislər iştirak etmişlər. 

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə əvvəlcə ölkəmizin iqtisadiyyatı haqqında danışmış, aparıcı sahələr, makroiqtisadi göstəricilər və son illər müşahidə olunan dinamik inkişaf barədə iştirakçılara ətraflı məlumat vermişdir. Sürətli inkişaf yolu tutmuş Azərbaycanda ənənəvi enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi diqqətə çatdırılmışdır. Azərbaycana sərmayə qoyuluşu üçün əlverişli investisiya mühitinin mövcud olduğu, bu məqsədlə bütün zəruri qanunverici sənədlərin qəbul edildiyi bildirilmişdir. 

Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdikləri vurğulanmışdır. 

Azərbaycanlı diplomat ölkəmizin ərazisindən keçən Şərq-Qərb (İpək Yolu) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında da danışmış, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq onun region üçün əhəmiyyətini izah etmişdir. 

Nəqliyyat sahəsində iri layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir dəmir yolu və magistral yolların bərpası və yenilərinin tikintisi, körpü və digər infrastruktur obyektlərinin inşası barədə də məlumat vermişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinin sürətlə davam etdirildiyi qeyd edilmişdir. 

Diplomat Azərbaycanın turizm sektoru haqqında məlumat verən diplomat, bu sahənin inkişafı üçün əməli tədbirlər görüldüyünü, zəruri infrastrukturun yaradıldığını və görülən işlər nəticəsində ölkəmizə turist axınının ildən-ilə artdığını söyləmişdir. Ölkədə beynəlxalq standartlara cavab verən turizm obyektlərinin tikildiyi bildirilmişdir. Doqquz iqlim qurşağına malik olan ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli şəraitin mövcud olduğu, müasir standartlara cavab verən turizm obyektlərinin və infrastrukturun inşa edildiyi, bu istiqamətdə işin davam etdiyi qeyd edilmişdir. 2010-2014-cü illəri əhatə edən Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı haqqında ətraflı məlumat verilmişdir. 

Ölkəmizə gələn turistlərin ümumi göstəricisi və Azərbaycana səfər edən yapon turistlərin artım dinamikası, otellərin sayı, turizm şirkətləri haqqında məlumatlar tədbirdə nümayiş etdirilən slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılmışdır. 

Səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, ərazimizin 20 faizinin işğal olunduğunu, 1 milyonadək soydaşımızın doğma evlərindən didərgin düşdüyünü vurğulamışdır. 

Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatına, o cümlədən turizm sektoruna ciddi ziyan dəydiyi bildirilmişdir. Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsinin kəsildiyi də qeyd edilmişdir. 

Səfir Yaponiya iş adamlarına müraciət edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmiş, Azərbaycan tərəfinin yapon şirkətlərinin istənilən təklifinə və ya layihəsinə baxmağa hazır olduğunu qeyd etmişdir. 

Sonra Azərbaycanın turizm potensialı haqqında videoçarx nümayiş etdirilmişdir. 

Yaponiyanın regionumuz üzrə ixtisaslaşmış turist şirkətlərinin nümayəndələri çıxış edərək Azərbaycana səfərlərin təşkilinin şərtləri, növləri və turistləri maraqlandıran digər məqamlar barədə ətraflı məlumat vermişlər. 

Tədbirdə səfir G.İsmayılzadə tərəfindən Yaponiya iş adamlarının sualları ətraflı cavablandırılmışdır. 

Tədbirdə Azərbaycanda istehsal edilmiş şərab nümunələri də iştirakçılara təqdim edilmişdir.

Mənbə: http://www.tourism.az



0 Şərhlər



Şərh yaz