Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”





Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”

Türkiyə bütün dünyada hər şeydən öncə turizm ölkəsi kimi tanınır və hətta ilk onluğun 6-cı sırasında yer alır.

 

Bunu “APA-Economics”ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan deyib.

 

Mənbə: http://az.apa.az

Onun sözlərinə görə, Türkiyəyə dünyanın hər bir yerindən turistlər gəlir: “Hər bir turist səyahət etmək istədiyi ölkədə rahatlığın və təhlükəsizliyin olmasını istəyir. Biz Türkiyədə son günlər baş verən hadisələrlə bağlı turist axınının nə vəziyyətdə olmasını öyrənmək məqsədilə çox dəqiq araşdırmalar apardıq. Nazirliyimizdən bizə gələn rəsmi məktuba əsasən, qeyd edə bilərik ki, istirahət guşələrində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Həmişəki kimi turistlərin aktivliyi müşahidə olunur. Bu günə qədər hava limanında hər hansı təxirəsalma hadisəsi yaşanmayıb. Mədəniyyət və Turizm Nazirliyi olaraq qonaqlarımızın çox rahat şəkildə axınını müşahidə edirik. Türkiyədə istirahət etmək qərarını verənlər arasında zərrə qədər də olsun, həyəcan təhlükəsi olmayıb”.

 

S.Ə.Arslan bildirib ki, turizm sahəsində Antalya bir markadır: “Ən çox turist axını məhz bu bölgədə izlənir. 2012-ci ilin sonunda 32 milyon turistdən 11 milyonu məhz Antalyada istirahət edib. Digər yerləri isə Muğla, İzmir və İstanbul tutur. Azərbaycanlılar da Türkiyənin müəyyən bölgələrinə səyahət edirlər. Eyni millət olduğumuz üçün onlar özlərini türk vətəndaşı kimi hiss edir və hərtərəfli rahat istirahət edirlər. Son zamanlar İzmirə üz tutan azərbaycanlıların sayı çoxalıb. Biz Türkiyədə baş verən hadisələrə görə çox məyusuq. Çünki Türkiyə xalqı heç vaxt belə bir hadisənin şahidi olmayıb. Türkiyə müasir, hüquqi və sosial cəhətdən demokratiyanın olduğu bir ölkədir. 2014-cü ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Xalq öz seçimini rahatlıqla nümayiş etdirəcək. 2015-ci ildə isə prezident seçkiləri keçiriləcək”.

 

Müşavirin fikrincə, indiki vəziyyətdə Türkiyə əhalisi demokratik məqsədlərlə küçələrə çıxmayıb: “Əsas tələb İstanbulun mərkəzində yerləşən Taksimdəki Gəzi parkının saxlanılmasıdır. Oradakı ağaclar kəsilməsin deyə, gənclər küçələrə axışdı. Artıq onların tələbləri nəzərə alınıb və ağaclar kəsilməyəcək. Təbii ki, mövcud situasiyada Azərbaycanın mövqeyi tamamilə aydındır. Türkiyədə baş verən istənilən bu tip hadisə əlbəttə ki, Azərbaycanı üzür.  Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir”. Hər iki dövlətin mövqeyi eynidir, odur ki, onların bir-birinə qarşı müxalif mövqedə olması mümkünsüzdür”.

Mənbə: http://az.apa.az



0 Şərhlər



Şərh yaz