• Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”

    Tarix: 2013-06-19

    Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”

    Türkiyə bütün dünyada hər şeydən öncə turizm ölkəsi kimi tanınır və hətta ilk onluğun 6-cı sırasında yer alır.

     

    Bunu “APA-Economics”ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan deyib.

     

    Mənbə: http://az.apa.az

    Onun sözlərinə görə, Türkiyəyə dünyanın hər bir yerindən turistlər gəlir: “Hər bir turist səyahət etmək istədiyi ölkədə rahatlığın və təhlükəsizliyin olmasını istəyir. Biz Türkiyədə son günlər baş verən hadisələrlə bağlı turist axınının nə vəziyyətdə olmasını öyrənmək məqsədilə çox dəqiq araşdırmalar apardıq. Nazirliyimizdən bizə gələn rəsmi məktuba əsasən, qeyd edə bilərik ki, istirahət guşələrində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Həmişəki kimi turistlərin aktivliyi müşahidə olunur. Bu günə qədər hava limanında hər hansı təxirəsalma hadisəsi yaşanmayıb. Mədəniyyət və Turizm Nazirliyi olaraq qonaqlarımızın çox rahat şəkildə axınını müşahidə edirik. Türkiyədə istirahət etmək qərarını verənlər arasında zərrə qədər də olsun, həyəcan təhlükəsi olmayıb”.

     

    S.Ə.Arslan bildirib ki, turizm sahəsində Antalya bir markadır: “Ən çox turist axını məhz bu bölgədə izlənir. 2012-ci ilin sonunda 32 milyon turistdən 11 milyonu məhz Antalyada istirahət edib. Digər yerləri isə Muğla, İzmir və İstanbul tutur. Azərbaycanlılar da Türkiyənin müəyyən bölgələrinə səyahət edirlər. Eyni millət olduğumuz üçün onlar özlərini türk vətəndaşı kimi hiss edir və hərtərəfli rahat istirahət edirlər. Son zamanlar İzmirə üz tutan azərbaycanlıların sayı çoxalıb. Biz Türkiyədə baş verən hadisələrə görə çox məyusuq. Çünki Türkiyə xalqı heç vaxt belə bir hadisənin şahidi olmayıb. Türkiyə müasir, hüquqi və sosial cəhətdən demokratiyanın olduğu bir ölkədir. 2014-cü ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Xalq öz seçimini rahatlıqla nümayiş etdirəcək. 2015-ci ildə isə prezident seçkiləri keçiriləcək”.

     

    Müşavirin fikrincə, indiki vəziyyətdə Türkiyə əhalisi demokratik məqsədlərlə küçələrə çıxmayıb: “Əsas tələb İstanbulun mərkəzində yerləşən Taksimdəki Gəzi parkının saxlanılmasıdır. Oradakı ağaclar kəsilməsin deyə, gənclər küçələrə axışdı. Artıq onların tələbləri nəzərə alınıb və ağaclar kəsilməyəcək. Təbii ki, mövcud situasiyada Azərbaycanın mövqeyi tamamilə aydındır. Türkiyədə baş verən istənilən bu tip hadisə əlbəttə ki, Azərbaycanı üzür.  Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir”. Hər iki dövlətin mövqeyi eynidir, odur ki, onların bir-birinə qarşı müxalif mövqedə olması mümkünsüzdür”.

    Mənbə: http://az.apa.az

  • Dominikana turistləri hava şarında gəzdirəcək

    Tarix: 2013-06-19

    Dominikana turistləri hava şarında gəzdirəcək

    Dominikan Respublikası turistlərə məşhur atraksionda, hava şarında, səyahət təklif etdi.

    Şar Punta-Kana otel zonasının yaxınlığında yerləşən Veron bazasından,  gündə iki dəfə göyə qalxır.

    Birinci uçuş sübhdə olur, ikincisi isə - gün batanda. Beləliklə, səyahətçilər, göydə olaraq sübhü və günün batmasını görə biləcəklər.

     

    Uçuş bir neçə yüz metr yüksəklikdə olacaq və bir saata yaxın davam edəcək. Turistlərə təklif olunan mənzərələrdən biri – İquey vilayətinin paytaxtı.

     

    Ekskursiya pilotun rəhbərliyi altında və hər dəfə unikal bir marşrutla keçirilir. Hava şarları 14,12,6 və 3 nəfərlik olur. (“Turizm.az”-ın tərcüməsi)

  • Piza qülləsini axşam da ziyarət etmək olar.

    Tarix: 2013-06-15

    Piza qülləsini axşam da ziyarət etmək olar.

    Yayda Piza qülləsi adi vaxtdan çox açıq olacaq və istəyən hər kəs qüllənin yuxarısından açılan şəhərin gecə görüntsündən və günəşin batmasını seyr edə bilər.

    17 iyundan 1 sentyabra qədər qüllə əsas vaxtdan əlavə olaraq,20:00-dan 22:00-a qədər açıq olacaq. Ekskursion proqram özündə “balıq zali”-nın ziyarətini daxil edəcək. Bu zalda qüllənin əyilmə bucağını ölçmək üçün alətlər yerləşirdi,və elə bu səbəbdən indiyə qədər otaq turistlər üçün bağlı idi. Həmçinin, zalda ulduzlu səmaya seyr etmək üçün teleskop quraşdırılıb.

    Bundan əlavə turistlər qüllənin yaxınlığında yerləşən Kampo-Santo qəbiristanlığını ziyarət edə biləcək. («Turizm.az»-ın tərcüməsi)

  • Dünya yemək festivalı.

    Tarix: 2013-06-15

    Dünya yemək festivalı.

    Moskvanın mərkəzində yerləşən “Ermitaj” bağında dünya yemək festivalı keçiriləcək. Burada ziyarətçilər dünya mətbəxinin ləzin neymətlərindən dada bilərlər.

    Bağın ərazisi dünyanın müxtəlif hissələrinə həsr olunmuş sahələrə bölünəcək. Məsələn, “Şimali Amerika” zonasında ziyarətçilər qeyri-adi saqqız növlərini dada bilər (pivə,xot-dog, fındığ dadı ilə). “Asiya” zonasında - makaron, düyü, cür bə cür ədviyyatlardan dada bilərlər. Festivalda  həmçinin afrikan, latın amerika, avropa ölkələrinin milli mətbəxləri göstəriləcək.

     Festivalın əyləncə proqramında – rəqs şouları, fotokonkurslar, kukla teatrın çıxışları.

     Festival 15 və 16 iyun tarixlərində keçiriləcək. Başlama vaxtı – hər gün saat 12:00. 14 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. (“Turizm.az”-ın tərcüməsi)

  • Müğənnilər yayda harada dincələcəklər?

    Tarix: 2013-06-15

    Müğənnilər yayda harada dincələcəklər?

    Yayın lap başlanğıcındayıq. İl ərzində gərgin şəkildə işləyən insanlar artıq istirahət etmək üçün planlar qurub, qızmar yay günlərdə harada istirahət edəcəkləri barədə hazırlıqlar görürlər. Yayın istilərində həm işləyib, həm də dincələnlər arasında mədəniyyət və incəsənət nümayəndələrimiz daha çoxdur. Konsertlər, televiziya proqramlarına və tədbirlərə dəvət, film çəkilişləri və bu kimi işlər onları dincəlməyə məcbur edir.

    Şou əhli adətən vətəndə istirahət etməyə üstünlük vermir. Buna əsas səbəb kimi pərəstişkarlarının diqqətindən kənar qalmaq istədiklərini göstərirlər. Amma bir çox müğənni ilə əlaqə saxladıqdan sonra aydın oldu ki, bəziləri bu il istirahət etməyəcək. Bir çox müğənnilərimiz istirahət günlərini hər zamankı kimi evlərində, iş başında və ya uzaqbaşı, bölgələrimizin birinə getməklə keçirəcəklərini söylədilər.

    Prodüser Hüseyn Cavadzadə ötən ilin “Eurovision” yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayevanın bu yay istirahət edə bilməyəcəyini söylədi: “Səbinə Babayeva 2 aydır ki, Almaniyadaydı. Azərbaycana yeni gəlib. Yayda yeni konsertlər və layihələr üzərində işləyəcək. Ona görə də yayda istirahət etməyi düşünmür”.

    Estrada müğənnisi Roza Zərgərli də yayda istirahət etməyəcəyini, isti yay günlərində də işləyəcəyini söylədi. İşlərinin çox olduğunu bildirən müğənni bizimlə söhbətində 3-5 gün bölgələrimizin birində istirahət edəcəyini və zamanı olarsa, Türkiyənin hansısa turizm bölgəsinə gedəcəyini qeyd etdi.

    Əməkdar artist Aybəniz Haşımova ilə söhbətimiz zamanı müğənni qızmar yay günlərində də çalışacağını və bu yayda istirahət edə bilməyəcəyini söylədi: “Bu yay mən istirahət etməyəcəyəm. Tələbələrimi müsabiqəyə hazırlaşdırıram. Hazırda Müşviq Əliyevlə çalışırıq. Onunla məşqlər edirik. Məşqlər yayda da davam edəcəyi üçün paytaxtdan çıxa bilməyəcəyəm. Özümü tələbələrimə həsr etmişəm”.

    Xalq artisti Flora Kərimova hələ ki bağda istirahət etdiyini, xarici ölkəyə getmək üçün övladlarının gəlişini gözlədiyini söylədi: “Yaradıcılığıma fasilə verib bir az istirahət edəcəyəm. İstirahət edəcəyim məkanı övladlarım seçəcək. Xaricə getməyi düşünürük. Oğlum və qızım ailəsi ilə birlikdə vətənə qayıdaraq mənimlə istirahət edəcəklər. Bu yayı övladlarım və nəvələrimlə birlikdə keçirəcəyəm. Sentyabr ayında yeni enerji ilə fəaliyyətə başlayacağam”.

    Müğənni Röya Ayxan hər il yay aylarında bölgələrdə konsert proqramı ilə çıxış edir. Belə ki, ötən il Zamiqlə bölgələrdə konsert verən müğənni, bu il Abbas Bağırovla yayın qızmar günəşi altında konsert proqramları ilə çıxış edəcək. Röya mətbuata istirahəti ilə bağlı belə açıqlama verib: “Ağ günlərə çıxmışıq, çox xoşbəxtəm. Yay vaxtı ancaq gedib Azərbaycanın gözəl guşələrində konsert vermək olar. Hansı ki orada yaşayanlar illərlə bizi görmürlər”.

    Əməkdar artist Gülyanaq Məmmədova ən gözəl istirahətin övladları ilə birgə olduğunu və onlarsız istirahət edə bilmədiyini qeyd etdi: “İndi hələ ki yay tətilimi necə keçirəcəyimi planlaşdırmamışam. Bizim 1 ay istirahət müddətimiz olur. Çalışırıq ki, həmin ayı doyaraq keçirək. Yəqin ki, istirahət günlərində ailəmlə birgə Türkiyəyə qayınanamgilə gedərik. Başqa gedəsi yerim yoxdur. Yayda tətil günlərində işləməyəcəyəm, çalışacam ki istirahət edim”.

    Vasif Məhərrəmli də digər sənətçilər kimi yay istirahət gününü necə keçirəcəyini tam qərarlaşdırmadığını, amma istirahəti üçün zaman ayıracağını qeyd etdi: “İstirahət günlərində yaradıcılığımla bağlı heç bir fəaliyyət göstərməyəcəm. Nə qastrol səfərlərinə çıxacağam, nə də konsert proqramı ilə çıxış edəcəyəm. İstirahətimi isə yəqin ki, 10 gün Bodrumda keçirərəm. Özümüzdə isə ən çox sevdiyim məkan Şəki və İsmayıllıdır. Öz bölgələrimizin yeri başqadır. Çalışacağam ki, orada da istirahət edim”.

    Gənc müğənni Yaşar Cəlilov Sinqapurda istirahət etmək istəyi olduğunu, amma yəqin ki, Türkiyədə istirahət edəcəyini söylədi: “Hələ ki istirahətimlə bağlı planlar qurmamışam. İstirahət günlərində yeni mahnı yazdırmağı da düşünmürəm. Özümü tam olaraq istirahətə həsr edəcəyəm. Əgər hansısa dövlət tədbiri olarsa, məmnuniyyətlə iştirak edərəm. Ancaq başqa şəkildə səfərlərə, qastrola gedəcəyimi planlaşdırmamışam. Sonuncu dəfə Səbinə Babayeva ilə Fransada qastrolda olmuşam. Yeni mahnılarımın yazılmasına isə sentyabrda başlayacağam”.

    Payız mövsümündə yeni mahnılar təqdim etməyi düşünən xalq artisti Tünzalə Ağayeva da bəzi məşhurlar kimi gərgin iş başındadır. Sentyabrda pərəstişkarlarını yeni ifalarla sevindirəcək müğənni yay aylarında bir neçə xarici ölkəyə səfər edərək mötəbər tədbirlərdə də çıxış edəcək: “İsti yay aylarında ailəmlə birgə istirahət etməyi düşünürəm. Ötən illərdən fərqli olaraq hansısa otellərin birində qalacağımı düşünmürəm. Ramazan ayından etibarən İstanbul da daxil olmaqla Türkiyənin bir neçə şəhərini gəzmək istəyirəm. Bundan başqa, doğma rayonumda, həmçinin Şəkidə istirahət etməyi planlaşdırmışam”.

    Nadir Qafarzadə mətbuata Türkiyədə istirahət etməyə üstünlük verdiyini deyərək bunun səbəbini də izah edib: “Bundan öncə Avropanın bir sıra şəhərlərində istirahət etmişəm. Yəqin ki, bu il Türkiyədə istirahət edəcəyəm. Məşhur adam üçün Azərbaycanda istirahət etmək, dənizdə çimmək, istədiyi yerə gedə bilmək çətindir”.

    Bu il Azərbaycanı “Eurovision” yarışmasında layiqincə təmsil edən Fərid Məmmədov bizimlə söhbəti zamanı böyük sınaq meydanından çıxmasına baxmayaraq, istirahət etməyəcəyini söylədi: “Yayda istirahət edəcəyim sual altındadır. Bilmirəm, bəlkə kampaniyamız və ətrafımdakı insanlarla rayona istirahətə getdik. Əgər zaman tapsam, yəni istirahətim alınsa, istəyərəm Tailanda gedim. O da inanmıram alına, çünki bunun üçün vaxt yoxdur”.

    Sorğu zamanı aydın oldu ki, müğənnilərimiz bu yay istirahətə o qədər də həvəsli deyillər. Hər halda, hər zaman eşitməyə adət etdiyimiz Maldiv adaları, Misir, Kanada, İngiltərə kimi ölkələrin adlarını eşitmədik.

    Mənbə: http://www.milli.az

     

     

  • “Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat Yaponiyanın iş adamları tərəfindən maraqla qarşılanmışdır

    Tarix: 2013-06-15

    “Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat Yaponiyanın iş adamları tərəfindən maraqla qarşılanmışdır

    Tokioda Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və Yaponiya Səyahət Agentliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat keçirilmişdir. 

    Təqdimatda Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məsul işçiləri, 30-dək şirkətin nümayəndələri və mütəxəssislər iştirak etmişlər. 

    Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə əvvəlcə ölkəmizin iqtisadiyyatı haqqında danışmış, aparıcı sahələr, makroiqtisadi göstəricilər və son illər müşahidə olunan dinamik inkişaf barədə iştirakçılara ətraflı məlumat vermişdir. Sürətli inkişaf yolu tutmuş Azərbaycanda ənənəvi enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi diqqətə çatdırılmışdır. Azərbaycana sərmayə qoyuluşu üçün əlverişli investisiya mühitinin mövcud olduğu, bu məqsədlə bütün zəruri qanunverici sənədlərin qəbul edildiyi bildirilmişdir. 

    Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdikləri vurğulanmışdır. 

    Azərbaycanlı diplomat ölkəmizin ərazisindən keçən Şərq-Qərb (İpək Yolu) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında da danışmış, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq onun region üçün əhəmiyyətini izah etmişdir. 

    Nəqliyyat sahəsində iri layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir dəmir yolu və magistral yolların bərpası və yenilərinin tikintisi, körpü və digər infrastruktur obyektlərinin inşası barədə də məlumat vermişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinin sürətlə davam etdirildiyi qeyd edilmişdir. 

    Diplomat Azərbaycanın turizm sektoru haqqında məlumat verən diplomat, bu sahənin inkişafı üçün əməli tədbirlər görüldüyünü, zəruri infrastrukturun yaradıldığını və görülən işlər nəticəsində ölkəmizə turist axınının ildən-ilə artdığını söyləmişdir. Ölkədə beynəlxalq standartlara cavab verən turizm obyektlərinin tikildiyi bildirilmişdir. Doqquz iqlim qurşağına malik olan ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli şəraitin mövcud olduğu, müasir standartlara cavab verən turizm obyektlərinin və infrastrukturun inşa edildiyi, bu istiqamətdə işin davam etdiyi qeyd edilmişdir. 2010-2014-cü illəri əhatə edən Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı haqqında ətraflı məlumat verilmişdir. 

    Ölkəmizə gələn turistlərin ümumi göstəricisi və Azərbaycana səfər edən yapon turistlərin artım dinamikası, otellərin sayı, turizm şirkətləri haqqında məlumatlar tədbirdə nümayiş etdirilən slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılmışdır. 

    Səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, ərazimizin 20 faizinin işğal olunduğunu, 1 milyonadək soydaşımızın doğma evlərindən didərgin düşdüyünü vurğulamışdır. 

    Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatına, o cümlədən turizm sektoruna ciddi ziyan dəydiyi bildirilmişdir. Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsinin kəsildiyi də qeyd edilmişdir. 

    Səfir Yaponiya iş adamlarına müraciət edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmiş, Azərbaycan tərəfinin yapon şirkətlərinin istənilən təklifinə və ya layihəsinə baxmağa hazır olduğunu qeyd etmişdir. 

    Sonra Azərbaycanın turizm potensialı haqqında videoçarx nümayiş etdirilmişdir. 

    Yaponiyanın regionumuz üzrə ixtisaslaşmış turist şirkətlərinin nümayəndələri çıxış edərək Azərbaycana səfərlərin təşkilinin şərtləri, növləri və turistləri maraqlandıran digər məqamlar barədə ətraflı məlumat vermişlər. 

    Tədbirdə səfir G.İsmayılzadə tərəfindən Yaponiya iş adamlarının sualları ətraflı cavablandırılmışdır. 

    Tədbirdə Azərbaycanda istehsal edilmiş şərab nümunələri də iştirakçılara təqdim edilmişdir.

    Mənbə: http://www.tourism.az

  • Azərbaycanın turizm şirkətlərinin Dünya Turizm Təşkilatına daxil olması üçün səylər göstərilir.

    Tarix: 2013-06-15

    Azərbaycanın turizm şirkətlərinin Dünya Turizm Təşkilatına daxil olması üçün səylər göstərilir.

    Azərbaycana gələn turistlər elektron formada viza ala bilirlər. Bu proses Azərbaycanda vardır və daha yaxşı işləməsi üçün səy göstəririk. Tənzimlənmə üçün danışıqlar aparılır, treninqlər keçirilir. Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq. 

    AzərTAc xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir. 

    Bildirmişdir ki, Azərbaycanın turizm şirkətlərinin Dünya Turizm Təşkilatına (DTT) daxil olması üçün də səylər göstərilir. Azərbaycan 2001-ci ildən DTT-nin üzvüdür. Həmin vaxtdan Azərbaycanın 3 şirkəti təşkilata assosiativ üzv qəbul olunmuşdur. Bu il Belqradda keçirilən konfransda Azərbaycanın daha 17 şirkəti üzvlük üçün müraciət etmişdir. Bu təkliflər təşkilat tərəfindən müsbət qarşılanmışdır. 

    Yay aylarında Zambiyada keçiriləcək Baş Assambleyanın iclasında onların üzvlüyünün təsdiqlənməsi gözlənilir.

    Mənbə: http://www.tourism.az

  • Azərbaycanda kitabxanalar istirahət mərkəzlərinə çevriləcək

    Tarix: 2013-06-15

    Azərbaycanda kitabxanalar istirahət mərkəzlərinə çevriləcək

    Azərbaycanda kitabxanalar tam yeni formada qurularaq vahid kitabxana-informasiya-istirahət mərkəzləri kimi fəaliyyət göstərəcək.

    Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

    Onun sözlərinə görə, ölkədəki kitabxanaların, xüsisilə kəndlərdəki kitabxanaların görkəmi və vəziyyəti o qədər də yaxşı deyil. Onların böyük əksəriyyəti bugünkü tələblərə cavab vermir.

    Nazir müavini qeyd edib ki, hazırda vahid kitabxana-informasiya-istirahət mərkəzlərinin yaradılması ilə bağlı xüsusi layihə həyata keçirilir. Bu mərkəzlər özlərində həm kitabxananın funksiyalarını çəmləşdirəcək, həm də kitabların satışını həyata keçirəcək. Eyni zamanda, burada elektron kitabxanalar yaradılacaq. Yeni mərkəzlərdə internet şəbəkəsi, WI-FI sistemləri olacaq, rabitə əlaqələri təkmilləşdiriləcək:

    "Bu mərkəzlər kənd şəraitində insanların bir istirahət yerləri olacaq. Onlar burada həm kitab oxuya bilər, həm dünyada baş verən proseslərdən xəbər tuta bilərlər. Bu mərkəzlərdə kicik yaşlı uşaqlardan tutmuş yaşlı insanlara qədər hər bir kəs öz marağını təmin edə bilər".

    V.Əliyev bildirib ki, hazırda həm aran, həm də dağ rayonları üçün bununla bağlı xüsusi layihələr hazırlanır. Layihələrin yaxın 2-3 ay ərzində hazır olacağı gözlənilir. 2014-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyi artıq öz daxili maliyyə imkanları hesabına hər rayonun bir kəndində 1 pilot mərkəz olmaqla, təxminən 10 rayonda yeni kitabxana-istirahət mərkəzi yaratmağı planlaşdırır. Bu pilot mərkəzlərin işi bəyənilərsə, 2020-ci ilədək bütün ölkə üzrə müasir tələblərə uyğun kitabxana-informasiya-istirahət mərkəzləri yaradıla bilər:

    "Bu mərkəzlər bütün ölkə üzrə yaradılacaq, hər bir rayonu, hər bir kəndi əhatə edəcək. Biz nəzərdə tuturuq ki, hər bir kənddə belə bir istirahət mərkəzləri olsun".

    Mənbə: http://az.trend.az

  • Motorlu qayıqsürmə üzrə Dünya çempionatı Bakıda keçiriləcək.

    Tarix: 2013-06-15

    Motorlu qayıqsürmə üzrə Dünya çempionatı Bakıda keçiriləcək.

    Bakı şəhəri 6-7 iyul tarixlərində ilk dəfə olaraq 2013-UIM Formula 2 motorlu qayıqsürmə üzrə Dünya çempionatının ikinci mərhələsinə ev sahibliyi edəcək.

    Dünya çempionatına 15-16 iyunda Stokholmda start veriləcək və "Su üzərində alov" şüarı altında Bakı Buxtasında həyəcanlı və valehedici sou ilə davam etdiriləcək. Yarışda 13 ölkədən 23 komanda iştirak edəcək.

    Təşkilatçılar Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi motorlu qayıqsürmə yarışının əhali arasında böyük marağa səbəb olacağını bildirirlər.

    Mənbə: http://az.trend.az

  • Azərbaycanın çənub bölgəsindəki turizm obyektlərinin fəaliyyəti yoxlanılır.

    Tarix: 2013-06-15

    Azərbaycanın çənub bölgəsindəki turizm obyektlərinin fəaliyyəti yoxlanılır.

    Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin çənub bölgəsindəki turizm müəssisəsələrində monitorinqlər aparır.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda yay turizm mövsümünə hazırlıq məqsədilə turizm müəssisələrində aparılan monitorinqlər iyunun 30-da yekunlaşacaq. İndiyədək aran və şimal rayonlarında monitorinqlər keçirilib.

    Sonuncu monitorinqlər isə ölkənin şimal-qərb rayonlarındakı turizm müəssisələrində aparılacaq.

    Mənbə: http://az.trend.az