• Nyu-Yorkda qastronomiya həftəsi.

    Tarix: 2013-06-15

    Nyu-Yorkda qastronomiya həftəsi.

    22 iyuldan - 16 avqusta qədər Nyu-Yorkda«Restaurant Week» adlı qastronomiya həftəsi keçiriləcək. Bu mərasimdə 300 artıq restoran iştirak edəcək.

    Bir ay ərzində şəhərin sakinləri və turistlər inanılmaz dərəcədə aşağı qiymətlərlə yerli qastronomiya restoranlarının mətbəxini dada biləcək. Məsələn, nahar yeməyi cəmi 25 dollara, şam yeməyi isə 38 dollara. Qeyd olunan qiymət əsas yeməyi, deserti və qəlyanaltını daxil edir (içkilər qiymətə daxil deyil və ayrıca ödənilir). 8 iyuldan etibarən kampaniyada iştirak edən restoranlarda Nycgo.com/restaurantweek ünvanından yeri bron edə bilərsiniz.

    Yanvarda keçirilən «Restaurant Week»-də 210 000 şam yeməyi sifarış edilib. Nahar yeməyini sifariş edənlər sayı isə ondan da çoxdur. (“Turizm.az”-ın tərcüməsi)

  • “Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb“

    Tarix: 2013-06-13

     “Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb“

    “Sözsüz ki, Azərbaycanın turizm sektorunda təcrübəsi o qədər də yüksək deyil. Yaratdığımız konqres bürosu bizə bu sahəni də inkişaf etdirməyə kömək olacaq. Konvensiyaya qəbul edəcəyimiz otel və turizm şirkətlərinə qanunla təkliflər verəcəyik. Qanun layihəsinin əsas prinsipi həmin obyektdə çalışanların hamısı peşəkar turizmçilər olmalıdır. Digər sahələrin qeyri-peşəkarları əgər o müəssisədə çalışacaqsa, biz qanun çərçivəsində həmin otel və qurumlara lisenziya verməyəcəyik”.

    AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir yaradılan konqresin mahiyyətindən danışıb: “Bu qurum Azərbaycanda yeni çox vacib bir qurum olacaq. Son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin çoxaldığı bir vaxta otel şəbəkəsinin və ümumiyyətlə turizm infrastrukturun inkişafı üçün əlimizdən gələni etməliyik. Bu səpkidə tədbirlərin keçirildiyi vaxtlarda dövlət səviyyəsində narahatlıq keçirirdik ki, qonaqların qarşılanması onların yerləşdirilməsi necə olacaq. Bu cür konsepsiyanın hazırlanması artıq beynəlxalq tədbirlərə ürəklə sahiblik edə biləcəyimizə bizdə əminlik yaradır. Bu konqres sahəsində bütün bu proseslər vahid bir idarə sistemi altında həyata keçiriləcək. İlk dəfə olaraq Azərbaycanda beynəlxalq səviyyədə otel şəbəkələrinin qurucuları buradadır və bu konqresin yaradılmasında bizə yaxından xidmət göstərəcəklər”. 

    Ə.Qarayev son il ərzində Azərbaycana gələn turistlərin sayında da artım olduğunu deyib: “Son üç ayın hesablamalarına görə, Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb. Bu Ümumdünya Turizm Təşkilatının hesablamasına görə 4 faizdir ki, bu da ölkəmiz üçün yüksək nəticə hesab olunur”

    Tədbirdə BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya, Avropa ölkələrində otel şəbəkələrinin prezidentləri çıxış edib.

    Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanıb.

    Mənbə : http://aznews.az

  • Turizm sahəsində yeni qanun qəbul olunacaq

    Tarix: 2013-06-13

    Turizm sahəsində yeni qanun qəbul olunacaq

    "Azərbaycanda turizm sahəsində yeni qanun qəbul olunacaq". Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

    BMT Ümumdünya Turizm Təşkilatı ilə əlaqələrə toxunan nazir qeyd edib ki, ÜTT Azərbaycan üçün bir sıra tövsiyələr hazırlayıb və bu tövsiyələr turizm menecmentini əhatə edir.


    Qarayev deyib ki, bu tövsiyələri və Avropa standartlarını nəzərə alaraq, turizm sahəsində yeni qanun layihəsi üzərində işləyirlər: "Biz qanun çərçivəsində hotel və digər strukturlar qarşısında xidmətlərin standartlarına dair sərt tələblər qoya biləcəyik. Bu tələblər turizm sahəsində peşəkar kadrların çalışmasına şərait yaradacaq".

    Nazir, həmçinin vurğulayıb ki, Azərbaycanın 17 turizm şirkəti Ümumdünya Turizm Təşkilatına (ÜTT) assosiativ üzvlüklə bağlı müraciət edib.
    Qarayevin sözlərinə görə, bu ilin avqust ayında Zambiyada keçiriləcək ÜTT-nin Baş Assambleyasında həmin turizm şirkətlərinin assosiativ üzvlüyü təsdiq olunmalıdır.
    Nazir qeyd edib ki, artıq quruma Azərbaycandan 3 struktur - Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi assosiativ üzv qəbul olunub.

    Mənbə : http://www.milli.az

  • Qəbələnin turizm obyektlərində yeni mövsümün başlanması münasibətilə xidmətlərə görə qiymətlər endirilmişdir

    Tarix: 2013-06-13

    Qəbələnin turizm obyektlərində yeni mövsümün başlanması münasibətilə xidmətlərə görə qiymətlər endirilmişdir

    Yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşmışdır. 

    Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, istirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa yeməkləri təklif olunur. 

    Rayonun istirahət mərkəzləri otel xidmətlərinə 15-20 manatadək, restoran xidmətlərinə isə 10 faizədək endirim etmişlər. Meşələrdə və çayların sahilində yerləşən istirahət güşələrində üç otaqlı kottecin bir günlük kirayə haqqı 90-100 manatdan 70-80 manata endirilmişdir. Rayon mərkəzindəki otellərdə isə iki nəfərlik otaqları indi bir günü 30 manata sifariş etmək olar. 

    Beş ulduzlu otellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” istirahət və əyləncə mərkəzində də qiymətlərə endirimlər edilmişdir. 

    Xatırladaq ki, 2012-ci ildə Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı 45 min 500 nəfər olmuşdur, bu da əvvəlki illə müqayisədə 9650 nəfər çoxdur. Turistlərdən 31 min 350-si yerli, 14 min 150 nəfəri isə xarici ölkə vətəndaşlarıdır. Qonaqların 38 min 500-ü müxtəlif turizm obyektlərində istirahət edib, 5400-ü işgüzar səfərdə olmuş, 1600 nəfəri isə sanatoriyada müalicə almışlar. 

    Ümumiyyətlə isə Qəbələ rayonuna gələn turistlərin sayı son 4 ildə üç dəfə artmışdır.

    Mənbə: http://www.tourism.az

  • Azərbaycan Konqres Bürosunun təqdimatı olmuşdur.

    Tarix: 2013-06-13

    Azərbaycan Konqres Bürosunun təqdimatı olmuşdur.

    İyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimatı keçirilmişdir. 

    AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Konqres Bürosunun yaradılması istiqamətində bir il müddətində müzakirələrin aparıldığını demişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan mütəmadi olaraq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir, ölkəyə gələn xarici qonaqların sayı getdikcə artır. Bu isə həm dövlətin, həm də turizm sənayesinin üzərinə böyük məsuliyyət qoyur. Hər qonağa yüksək xidmət göstərilməlidir və bu istiqamətdə görülən işlər ildən-ilə təkmilləşdirilir. Dünya təcrübəsi göstərir ki, beynəlxalq aləmdə bu tədbirlərin keçirilməsində maraqlı olan qurumlar peşəkar olaraq bir assosiasiya şəklində fəaliyyət göstərirlər. Bu assosiasiya MİCE (işgüzar) adlanır. 

    Nazir demişdir ki, Azərbaycanda turizm sənayesi və infrastrukturu yüksək səviyyədədir. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan büronun əsas fəaliyyət istiqamətləri respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir. Azərbaycan Konqres Bürosu dövlətin və özəl sektorun vahid siyasət yürütməsinə imkan verəcəkdir. 

    Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru İzabel Qaraniya Azərbaycanda turizm sahəsinə hökumət səviyyəsində xüsusi diqqət yetirildiyini, bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini təqdirəlayiq hesab etmişdir. Dünyada turizmin inkişafı, bu sahədən əldə olunan gəlirlər barədə faktları diqqətə çatdıran İzabel Qaraniya Azərbaycan Konqres Bürosunun müvafiq sahənin inkişafına müsbət təsir edəcəyini bildirmiş, yeni quruma fəaliyyətində uğurlar arzulamışdır. 

    Ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanaların adından çıxış edən “Fairmont Baku” otelinin baş meneceri Adrian Ellis Azərbaycan Konqres Bürosunun fəaliyyətinin ölkəmizin turizm sənayesinin təbliğində əhəmiyyətli rol oynayacağını demişdir. 

    Sonra “European Development & Solutions” (EUDS) şirkətindən Florian Senqşmit və İnqa Tremmel Azərbaycan Konqres Bürosu ilə bağlı təqdimat etmişlər. 

    Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında Büronun yaradılması barədə niyyət protokolu imzalanmışdır. 

    Mənbə: http://www.tourism.az

     

  • Bakıda “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində üçüncü statistika seminarı işə başlamışdır.

    Tarix: 2013-06-13

     Bakıda “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində üçüncü statistika seminarı işə başlamışdır.

    İyunun 10-da BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində üçüncü (sonuncu) statistika seminarı öz işinə başlamışdır. 

    AzərTAc xəbər verir ki, 2011-ci il martın 23-də imzalanmış müvafiq sazişə əsasən, 2011-ci və 2012-ci illərdə aidiyyəti üzrə birinci və ikinci seminarlar Bakıda keçirilmişdir. 

    Seminarın açılış sessiyasında Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin seminar iştirakçılarına ünvanlanmış videoçarxı nümayiş etdirilmişdir. Baş katib Azərbaycanın öhdəsinə götürdüyü proqramın və bugünkü yekun seminarın ölkələrin milli turizm statistikasının öyrənilməsi baxımından vacib olduğunu bildirmişdir. 

    Taleb Rifai turizmin inkişafına stimul vermək baxımından bu seminarın çox önəmli olduğunu vurğulamış və iştirakçılara uğurlar arzulamışdır. 

    Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov seminar iştirakçılarını salamlayaraq Azərbaycanda turizmin inkişafına göstərdikləri marağa görə onlara nazirlik adından minnətdarlığını bildirmişdir. O, statistika sahəsinin, dolğun və səlis statistikaların toplanmasının digər sahələr kimi, turizm sahəsi üçün də çox əhəmiyyətli olduğunu vurğulamışdır. Dəqiq statistikanın bir sıra problemlərin həlli üçün vacib bir sahə olduğunu demişdir. 

    Qeyd edilmişdir ki, planlaşdırmaq, konsepsiyaların və inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyələşdirilmə strategiyasının qurulması və digər işlərin səmərəli təşkili tam şəkildə statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır. 

    Nəzərə çatdırılmışdır ki, digər sahələrin statistik göstəricilərini əsas tutaraq turizm sahəsində fəaliyyəti planlaşdırmaq üçün turizm statistikası mühüm əhəmiyyət kəsb edir. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və s. iqtisadi göstəricilər bilavasitə turizmin inkişaf planlarına təsir göstərir. Bu səbəbdən təkcə turizm üzrə deyil, digər sahələrdə də statistik məlumatların toplanması vacibdir. 

    Qeyd edilmişdir ki, belə seminarlar beynəlxalq təcrübəni öyrənmək üçün bir vasitədir. 

    Vurğulanmışdır ki, respublikamızda statistika üzrə beynəlxalq təcrübəli mütəxəssislərin sayının artması bu sahədə yeni ideyaların və yanaşmaların yaranmasına səbəb olacaqdır. 

    Statistika seminarına marağın tədricən artdığı, 2011-ci ilin seminarında 19, 2012-ci ildə 22, builki seminarda isə iştirakçıların sayının 23 nəfərə çatdığı bildirilmişdir. 

    Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Belarusun təmsil olunduğu diqqətə çatdırılmışdır. 

    Qeyd olunmuşdur ki, digər sahələr və layihələr üzrə Dünya Turizm Təşkilatı və sözügedən ölkələrlə əməkdaşlıq genişləndirilməli və seminarlara yeni ölkələr cəlb olunmalıdır. 

    Azərbaycan və Dünya Turizm Təşkilatının bir neçə layihə çərçivəsində birgə çalışdıqları vurğulanaraq ölkəmizin hər bir tərəf ilə əməkdaşlıq prinsiplərinə sadiq qaldığı və ikitərəfli münasibətlər çərçivəsində burada iştirak edən hər bir ölkə ilə əməkdaşlığa hazır olduğu vurğulanmışdır. 

    Nəzərə çatdırılmışdır ki, ümumiyyətlə, turizm sahəsində postsovet məkanının müstəqil dövlətləri ilə əlaqələrin bərpası və genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətdir. Çünki digər ölkələrdən fərqli olaraq bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi yoxdur. Eyni zamanda, mədəni, humanitar və s. sahələrdə əlaqələr davamlı inkişaf edir. 

    Bu gün başlanan seminarın qarşıya qoyulan sualların cavabını özündə əks etdirəcəyi söylənilmişdir. 
    Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru xanım İzabel Qaranya Azərbaycanın turizm sahəsinə mühüm əhəmiyyət verdiyini və artıq ölkəmizin turizm məkanına çevrildiyini bildirmişdir. 

    Direktor Azərbaycanda bir çox layihələr həyata keçirdiklərini diqqətə çatdırmış, bunlara misal olaraq Şahdağ Qış-Yay Turizm Kompleksini göstərmişdir. Qeyd etmişdir ki, turizmin səviyyəsinin ölçülməsi bu sahəyə nəzarət və digər iqtisadi sektor ilə müqayisə etməyə imkan verir. 

    Seminarın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən İzabel Qaranya bu seminarın ölkələrdə turizm statistikasının göstəricilərinin yaxşılaşdırılması baxımından faydalı olacağını qeyd etmişdir. 

    Seminarda Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidmətinin, həmçinin təmsil olunan ölkələrin aidiyyəti qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər. 

    İyunun 12-dək seminar öz işini sessiyalarla davam etdirəcəkdir.

    Mənbə: http://www.tourism.az

     

     

     

     

     

     

     

     

     

     

  • Bakıda turizm statistikası seminarı keçirilib

    Tarix: 2013-06-13

    Bakıda turizm statistikası seminarı keçirilib

    Bu gün Bakıda BMT Ümumdünya Turizm Təşkilatının (BMÜTT) dəstəyi ilə “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması proqramı” çərçivəsində III statistika seminarı keçirilib.

    APA-nın məlumatına görə, seminarda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov seminarın məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: “Statistik məlumatların toplanması digər sahələrlə yanaşı, turizm sahəsi üçün də əhəmiyyətli və bir sıra başqa problemlərin həlli üçün vacib sahədir. Planlaşdırma, konsepsiyaların müəyyənləşməsi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyə strategiyanın qurulması da statistika elminin sahəsindədir. Digər sahələrdə olduğu kimi, statistika elminin inkişafı da ən son və ən qabaqcıl beynəlxalq təcrübə üzərində qurulmalıdır. Bu səbəbdən Ümumdünya Turizm Təşkilatının nümayəndələrindən xahiş etdik ki, onlar özlərinin qabaqcıl təcrübələri ilə bizə kömək etsinlər”.

    N.Səmədov seminar iştirakçısı olan ölkələrin sayının hər il artığını deyib: “2011-ci ilin seminarına müxtəlif ölkələrdən 19, 2012-ci ilin seminarına 22, bu ilki seminarda isə 23 nəfər seminara qatılıb. Bu seminarda Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Özbəkistan və Belarus iştirak edir. Sözsüz ki, bu sonuncu seminar olmayacaq və biz əməkdaşlığımızı davam etdirəcəyik”.

    BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya çıxışında təşkilatın Azərbaycanın bu sahədə müraciətini yüksək qiymətləndirildiyini deyib: “Azərbaycan getdikcə turizmin mərkəzinə çevrilməkdədir. Burada əsas məsələ hökumətin və dövlətin turizm sahəsinə göstərdiyi maraqdır ki, bu da Azərbaycanda yüksək səviyyədədir. Birgə tədbirlərimiz nəticəsində yaranan Şahdağ turizm obyektinin inkişafına da inanır və 2020-ci ilə kimi 5000-dən çox turistin cəlb olunmasını ümid edirik”.

    Tədbirin birinci hissəsinin sonunda seminar iştirakçılarına BMÜTT-nin baş katibi Taleba Rifainin video müraciəti olub.

    Azərbaycan tərəfindən tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidməti təmsil olunub.

    Mənbə : http://az.apa.az

     

  • Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi loqo müsabiqəsi başa çatıb

    Tarix: 2013-06-13

    Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi loqo müsabiqəsi başa çatıb

    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı üçün elan edilmiş loqo müsabiqəsi başa çatıb. 

    APA-nın məlumatına görə, müsabiqəyə təqdim olunmuş indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan 207 eskiz və layihəyə festivalın təşkilat komitəsi tərəfindən baxılıb. 

    Sonda Haqverdiyev Vüqar Məmməd oğlunun işi seçilərək qalib elan olunub.

    Mənbə : http://az.apa.az

  • Əbülfəs Qarayev: “Elektron vizaların verilməsində çətinliklər olsa da, yaxın vaxtlarda bu proses tam işlək vəziyyətdə olacaq”

    Tarix: 2013-06-13

    Əbülfəs Qarayev: “Elektron vizaların verilməsində çətinliklər olsa da, yaxın vaxtlarda bu proses tam işlək vəziyyətdə olacaq”

    “Azərbaycana gələn turistlər elektron formada viza ala bilirlər. Ola bilər ki, bu haradasa gec, haradasa tez, haradasa çətin olsun, amma fakt və reallıq odur ki, bu proses Azərbaycanda var və daha yaxşı işləməsi üçün səy göstəririk. Tənzimlənmə üçün danışıqlar aparılır, treninqlər keçirilir. Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.

    Nazir Azərbaycanın turizm şirkətlərinin Ümumdünya Turizm Təşkilatına daxil olması üçün də səy göstərdiklərini deyib: “Azərbaycan 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür. Həmin vaxtdan etibarən Azərbaycanın təşkilatda 3 assosiativ üzvü təmsil olunur. Bu qurumlar Azərbaycan Turizm Təşkilatı, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzidir. Son məlumata görə, bu il Belqradda keçirilən konfransda Azərbaycanın daha 17 şirkəti üzvlük üçün müraciət edib və bu təkliflər təşkilat tərəfindən müsbət qarşılanıb. Yay aylarında Zambiyada keçiriləcək Baş Assambleyanın iclasında onların təsdiqlənməsi gözlənilir”.

    Mənbə : http://az.apa.az

  • Əbülfəs Qarayev: “Turizm sahəsində qeyri-peşəkar şəxsləri işə qəbul edən turizm təşkilatlarına və otellərə lisenziya verilməyəcək”

    Tarix: 2013-06-13

    Əbülfəs Qarayev: “Turizm sahəsində qeyri-peşəkar şəxsləri işə qəbul edən turizm təşkilatlarına və otellərə lisenziya verilməyəcək”

    Sözsüz ki, Azərbaycanın turizm sektorunda təcrübəsi o qədər də yüksək deyil. Yaratdığımız konqres bürosu bizə bu sahəni də inkişaf etdirməyə kömək olacaq. Konvensiyaya qəbul edəcəyimiz otel və turizm şirkətlərinə qanunla təkliflər verəcəyik. Qanun layihəsinin əsas prinsipi həmin obyektdə çalışanların hamısı peşəkar turizmçilər olmalıdır. Digər sahələrin qeyri-peşəkarları əgər o müəssisədə çalışacaqsa, biz qanun çərçivəsində həmin otel və qurumlara lisenziya verməyəcəyik”.

    APA-nın məlumatına görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Nazir yaradılan konqresin mahiyyətindən danışıb: “Bu qurum Azərbaycanda yeni çox vacib bir qurum olacaq. Son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin çoxaldığı bir vaxta otel şəbəkəsinin və ümumiyyətlə turizm infrastrukturun inkişafı üçün əlimizdən gələni etməliyik. Bu səpkidə tədbirlərin keçirildiyi vaxtlarda dövlət səviyyəsində narahatlıq keçirirdik ki, qonaqların qarşılanması onların yerləşdirilməsi necə olacaq. Bu cür konsepsiyanın hazırlanması artıq beynəlxalq tədbirlərə ürəklə sahiblik edə biləcəyimizə bizdə əminlik yaradır. Bu konqres sahəsində bütün bu proseslər vahid bir idarə sistemi altında həyata keçiriləcək. İlk dəfə olaraq  Azərbaycanda beynəlxalq səviyyədə otel şəbəkələrinin qurucuları buradadır və bu konqresin yaradılmasında bizə yaxından xidmət göstərəcəklər”. Ə.Qarayev  son il ərzində Azərbaycana gələn turistlərin sayında da artım olduğunu deyib: “Son üç ayın hesablamalarına görə, Azərbaycanda turizm sahəsində gəlirlər 11 faiz artıb. Bu Ümumdünya Turizm Təşkilatının hesablamasına görə 4 faizdir ki, bu da ölkəmiz üçün yüksək nəticə hesab olunur” 

    Tədbirdə  BMÜTT-nin Avropa regionları üzrə direktoru İzabel Qaranya, Avropa ölkələrində otel şəbəkələrinin prezidentləri çıxış edib.

    Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında büronun yaradılması barədə niyyət protokolu imzalanıb.

    Mənbə : http://az.apa.az