• Qastronomik turizm üçün ən yaxşı şəhərlərin reytinqi

    Tarix: 2015-10-19

    Qastronomik turizm üçün ən yaxşı şəhərlərin reytinqi

    Böyük Britaniyanın “The Telegraph” nəşri qastronomik turizm üçün ən yaxşı şəhərlərin siyahısını dərc etdirib.

    Reytinqdə birinci yerə Tokio şəhəri layiq görüldü. Lenta.ru-nun verdiyi məlumata görə reytinqə Avropa, Amerika və Asiyanın 16 şəhəri daxil olub.

    Mütəxəssislərin fikrinə görə, ümumilikdə Yaponiya dünya üzrə Mişelin ulduzlarına sahib olan ən geniş restoran sayına malikdir. Onun paytaxtı isə bu prestijli mükafatı əldə edən restoran, kafe və barların sayı üzrə liderdir. Turistlər burada suşi ilə yanaşı tofu, donuz kotletləri, okonomiyaki ( müxtəlif inqrediyentlər, xüsusi sous və üzərinə nazik şəkildə kəsilən qurudulmuş tuna balığı əlavə olunan qızardılmış xəmir) ilə ilanbalığını dada bilər. Bunlarla yanaşı Yaponiyanın paytaxtı müxtəlif zövq və büdcəyə uyğun olan restoranları təklif edir – göydələnlərdə yerləşən və mənzərəli görünüşü olan restoranlardan başlayaraq, yerli mətbəxi təqdim edən kiçik pablara qədər.

    İkinci yer Xanoy şəhərinə təqdim edildi. Vyetnamın paytaxtı, mütəxəssislərin fikrinə görə turist üçün yerli mətbəxin xüsusiyyətlərini hiss etmək çox asandır – açıq havada hazıralanan şirin və turş şorba ilə təqdim olunan əriştə, donuz əti və balıq sousu sizi Vyetnam mətbəxinə qarşı biganə qoymayacaq.

    Məhz burada paştet, xiyar, göyərti, soğan və çili ilə doldurulmuş baget (çörək), eyni zamanda donuz əti, dərisi və balıq əlavə olunmuş düyünü dadmaq olar. Mütəxəssislər yeməyi ənənəvi yumurta kofesi ilə başa çatdırmağı məsləhət görür. 

    London təklif etdiyi nemətlərin müxtəlifliyinə və restoranların, barların, pabların  sayına görə üçüncü yeri tutur. Nəzərə çatdıraq ki, Londonun "Langham"  beşulduzlu otelində yerləşən "Artesian" barı Dünyanın ən yaxşı 50 barı  reytinqində dördüncü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb. O, eyni  zamanda, Avropanın ən yaxşı barı kimi də tanınır.

    Bundan əlavə siyahıya Nyu York, Bolonya, Yeni Orlean, Lima, Fes Djaypur və digər şəhərlər də daxil edilib.

    Mişlen, qırmızı bələdçi (Michelin, Le Guide Rouge), bəzən sadəcə “Qırmızı bələdçi” kimi tanınan restoran reytinqi üç ulduzlu qiymətvermə sisteminə sahib olan ən nüfuzlu reytinqdir. Bir ulduz restoranın öz kateqoriyasına görə çox yaxşı, iki ulduz isə əla olduğunu göstərir. İki ulduzlu restorana getmək üçün, əvvəlcədən təşkil olunmuş səyahət marşrutunuzdan belə kənara çıxmağınız məsləhət görülür. Nəhayət, üç ulduz baş aşpazın mükəmməl işindən xəbər verir və bu restoranın yeməyini dadmaq üçün hətta xüsusi səyahətin belə təşkil olunması mühümdür. 



    Mənbə: http://www.trend.az/life/tourism/2444446.html

  • Gələn il Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

    Tarix: 2013-06-20

    Gələn il Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

    2014-cü ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

    Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günləri ilə əlaqədar Bakıya səfərə gəlmiş bu ölkənin mədəniyyət nazirinin birinci müavini Timofey Koxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə qeyd olunub ki, qarşılılıq dostluq münasibətlərinin inkişaflına xidmət edən tədbir iki ölkə arasında 2011-2015-ci illər üzrə əməkdaşlıq planına uyğun keçirilir. Plan 2011-ci il aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.

    Bu tədbirin davamı olaraq 2014-cü ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

     

    Mənbə: http://az.trend.az

  • Mədəniyyət və Turizm Nazirliyi daha 7 obyektə lisenziya verib

    Tarix: 2013-06-20

    Mədəniyyət və Turizm Nazirliyi daha 7 obyektə lisenziya verib

    Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.

     

    APA-nın məlumatına görə, lisenziya alan obyektlər siyahısında "Khazar Golden Beach", "Zərdab", "Nəsiboğlu", "Turqut", "Karvansaray" mehmanxanası, "Laza" moteli və "Qaya" istirahət kompleksinin də adı var.

    Mənbə: http://az.apa.az

  • Madriddə yeni butik-otel açılıb

    Tarix: 2013-06-20

    Madriddə yeni butik-otel açılıb

    “Palladium Hotel” otel qrupu Madriddə yeni “Ayre Hotel Boutique” butik-otel açmağı planlaşdırır. Bu otel XIX əsrin axrında tikilən dul markiza de Aldamanın keçmiş qəsrində yerləşəcək.

     

    Qəsr, orijinal strukturunun bir qismini saxlayaraq, tamamilə rekonstruksiya olunub. Dörd ulduzlu oteldə 70 otaq olacaq. Otelin əsas üştünlüyü, onun səhərin mərkəzi rayonlarından birində yerləşməsidir.

    Otel özündə tarixi atmosferi və yeni texnoloqiyaları birləşdirir. (“Turizm.az”-ın tərcüməsi)

  • Qaxda yay turizm mövsümü başlamışdır

    Tarix: 2013-06-19

    Qaxda yay turizm mövsümü başlamışdır

    Qax rayonunun İlisu kəndində yerləşən “İlisu” pansionatında yay turizm mövsümünün açılışına həsr olunmuş tədbir keçirilmişdir. 

    AzərTAc xəbər verir ki, rayonda fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri rəhbərlərinin, mədəniyyət və turizm şöbəsi əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə rayonun turizm potensialını əks etdirən sərgiyə baxış olmuşdur. 

    Rayonda turizm sahəsinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərə uyğun olaraq Qax rayonunda da yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Son dövrlər rayonda beşulduzlu “El Resort” otel kompleksinin, habelə Qax şəhərində “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağını daha da artırmışdır. 

    Qeyd olunmuşdur ki, yay mövsümünə hazırlıqla əlaqədar turizm obyektlərində yerlərin sayı artırılmış, xidmət növləri çoxaldılmışdır. Obyektlərdə müasir standartlara uyğun idman meydançaları, su hovuzları quraşdırılmış, uşaqlar üçün əyləncə yerləri yaradılmış, müalicəvi vannalar, kinozallar, diskotekalar təşkil edilmişdir. İlisu kəndindəki “Səngər qala” turizm və istirahət mərkəzində inşa edilən 45 mənzilli 90 yerlik otel binasının tikintisi artıq başa çatmaq üzrədir və obyektin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. “El Resort” və “Eden” turizm mərkəzlərində turistlərə xidmət növlərinin sayını və keyfiyyətini artırmaq üçün köməkçi binalar tikilmişdir. Ümumiyyətlə, cari mövsümdə rayonun turizm obyektlərində yerlərin sayının yeddi yüzə çatdırılması nəzərdə tutulur. Hazırda turizm obyektlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilmişdir. Mövsüm ərzində qiymətlərin endirilməsi də istisna deyildir. 

    Turizm mövsümünün başlanması ilə əlaqədar obyektlərdə işçi personalının peşə səviyyəsinin yüksəldilməsinə diqqət artırılmış, onların Mədəniyyət və Turizm Nazirliyi, eləcə də turizm şirkətləri tərəfindən keçirilən treninqlərdə iştirakı təmin edilmişdir. Turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə obyektlərdə müxtəlif mədəni kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin keçirilməsi nəzərdə tutulmuşdur. Ailəvi, eləcə də kollektiv ekskursiyalar üçün marşrutlar müəyyənləşdirilmişdir. 

    Bildirilmişdir ki, yay aylarında rayona gələn turistlərin bir hissəsi, xüsusilə ailəvi istirahətə gələnlər kənd evlərində qalmağa üstünlük verirlər. Onların istirahətlərinin səmərəli təşkili məqsədilə ev sahibləri ilə maarifləndirmə işləri aparılmış, xidmətin səviyyəsini yüksəltmək üçün onlara müvafiq təlimatlar verilmişdir. Ev sahiblərinin diqqətinə çatdırılmışdır ki, məqsəd yalnız gəlir əldə etmək deyildir. Turistlərə bölgə haqqında, rayonun turizm potensialı, görməli yerləri, qədim tarixi abidələri barədə də geniş məlumat verilməli, onların istirahətlərinin maraq dərəcələrinə uyğun təşkil edilmələrinə diqqət artırılmalıdır.

    Mənbə: http://tourism.az

  • Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”

    Tarix: 2013-06-19

    Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri: “Son hadisələr Türkiyəyə turist axınını azaltmayıb”

    Türkiyə bütün dünyada hər şeydən öncə turizm ölkəsi kimi tanınır və hətta ilk onluğun 6-cı sırasında yer alır.

     

    Bunu “APA-Economics”ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Seyid Əhməd Arslan deyib.

     

    Mənbə: http://az.apa.az

    Onun sözlərinə görə, Türkiyəyə dünyanın hər bir yerindən turistlər gəlir: “Hər bir turist səyahət etmək istədiyi ölkədə rahatlığın və təhlükəsizliyin olmasını istəyir. Biz Türkiyədə son günlər baş verən hadisələrlə bağlı turist axınının nə vəziyyətdə olmasını öyrənmək məqsədilə çox dəqiq araşdırmalar apardıq. Nazirliyimizdən bizə gələn rəsmi məktuba əsasən, qeyd edə bilərik ki, istirahət guşələrində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Həmişəki kimi turistlərin aktivliyi müşahidə olunur. Bu günə qədər hava limanında hər hansı təxirəsalma hadisəsi yaşanmayıb. Mədəniyyət və Turizm Nazirliyi olaraq qonaqlarımızın çox rahat şəkildə axınını müşahidə edirik. Türkiyədə istirahət etmək qərarını verənlər arasında zərrə qədər də olsun, həyəcan təhlükəsi olmayıb”.

     

    S.Ə.Arslan bildirib ki, turizm sahəsində Antalya bir markadır: “Ən çox turist axını məhz bu bölgədə izlənir. 2012-ci ilin sonunda 32 milyon turistdən 11 milyonu məhz Antalyada istirahət edib. Digər yerləri isə Muğla, İzmir və İstanbul tutur. Azərbaycanlılar da Türkiyənin müəyyən bölgələrinə səyahət edirlər. Eyni millət olduğumuz üçün onlar özlərini türk vətəndaşı kimi hiss edir və hərtərəfli rahat istirahət edirlər. Son zamanlar İzmirə üz tutan azərbaycanlıların sayı çoxalıb. Biz Türkiyədə baş verən hadisələrə görə çox məyusuq. Çünki Türkiyə xalqı heç vaxt belə bir hadisənin şahidi olmayıb. Türkiyə müasir, hüquqi və sosial cəhətdən demokratiyanın olduğu bir ölkədir. 2014-cü ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Xalq öz seçimini rahatlıqla nümayiş etdirəcək. 2015-ci ildə isə prezident seçkiləri keçiriləcək”.

     

    Müşavirin fikrincə, indiki vəziyyətdə Türkiyə əhalisi demokratik məqsədlərlə küçələrə çıxmayıb: “Əsas tələb İstanbulun mərkəzində yerləşən Taksimdəki Gəzi parkının saxlanılmasıdır. Oradakı ağaclar kəsilməsin deyə, gənclər küçələrə axışdı. Artıq onların tələbləri nəzərə alınıb və ağaclar kəsilməyəcək. Təbii ki, mövcud situasiyada Azərbaycanın mövqeyi tamamilə aydındır. Türkiyədə baş verən istənilən bu tip hadisə əlbəttə ki, Azərbaycanı üzür.  Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir”. Hər iki dövlətin mövqeyi eynidir, odur ki, onların bir-birinə qarşı müxalif mövqedə olması mümkünsüzdür”.

    Mənbə: http://az.apa.az

  • AzərTAc-ın jurnalistləri digər MDB ölkələrindən olan həmkarları ilə birlikdə Ukrayna kazaklarının vətənində olmuşlar.

    Tarix: 2013-05-28

    AzərTAc-ın jurnalistləri digər MDB ölkələrindən olan həmkarları ilə birlikdə Ukrayna kazaklarının vətənində olmuşlar.

    Azərbaycan da daxil olmaqla MDB iştirakçısı olan altı dövlətin jurnalistləri üçün mayın 21-də Krım Muxtar Respublikasında (KMR, Ukrayna) start götürmüş press-tur davam edir. Azərbaycanı bu tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) müxbirləri təmsil edir. 

    İnfo-turun təşkilatçıları Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyi, KMR Kurortlar və Turizm Nazirliyi, habelə “Krım Kurort-turizm agentliyi” müəssisəsidir. 

    Mayın 23-də KİV nümayəndələri əvvəlcə Krıma və Xersona, sonra isə Ukrayna kazaklarının vətəni sayılan Zaporojyeyə getmişlər. 

    Simferopol-Moskva trasında şəhərin girəcəyində jurnalistlər “Xerson vilayətinin şərabçılıq-turist marşrutları” layihəsi çərçivəsində “Tavriya” konyak zavodu ilə tanış olmuşlar. 

    Sonra mass-media nümayəndələri Ukrayna kazak hərəkatının yarandığı Xortitsa adasında “Zaporojye kazakları” süvari teatrına dəvət edilmişlər. Press-turun iştirakçıları bu maraqlı tamaşadan sonra Zaporojyeyə tanışlıq səfəri etmiş, şəhərin görməli yerləri, o cümlədən “Xortitsa” milli qoruğunun Zaporojye kazaklarının tarixi muzeyi, “Zaporojskaya Seç” tarix-mədəniyyət kompleksi, V.Q.Maqara adına Vilayət Ukrayna Akademik Musiqili Dram Teatrı, M.İ.Qlinka adına konsert zalı (vilayət filarmoniyası) ilə tanış olmuş, sovet dövrünün rəmzlərindən sayılan Dneprohes-in panoramına tamaşa etmiş, “Faeton” avtomobil və hərbi texnika muzeyində, digər obyektlərdə olmuşlar. 

    Vilayətin və şəhərin rəhbərləri press-turun iştirakçılarını qəbul etmişlər. 

    AzərTAc-ın müxbirləri Zaporojedəki “Şəki-lənd” uşaq əyləncə-sağlamlıq kompleksinə baş çəkmiş, bu obyektin sahibi, əslən Şəkidən olan siyasətçi, həkim və sahibkar Dünyamil Saatov ilə görüşmüşlər.

    Mənbə: http://www.tourism.az